BİOQRAFİK MƏLUMAT

Həsənli Cəmil Poladxan oğlu

Tarix elmləri doktoru, professor

Cəmil Həsənli 1952-ci ilin yanvar ayının 15-də Biləsuvar rayonununda anadan olmuş, 1970-ci ildə Cəlilabad rayonunun Alar kəndində orta məktəbini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin birinci kursuna daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirmişdir. Əmək fəaliyyətinə Cəlilabad rayonunda tarix müəllimi kimi başlamışdır.

BDU-nu bitirdikdən iki il sonra, 1977-ci ilin payızında Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturaya daxil olmuş və 1980-ci ildən başlayaraq BDU-da müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. İlk tədqiqatlarından başlayaraq o, beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşmış, 1984-cü ildə SSRİ-nin xarici siyasəti üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1990-ci ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 1992-ci ildə “Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918-1920” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə “Avropa və Amerika ölkələrinin müasir tarixi” kafedrası üzrə professor vəzifəsini tutmuşdur. Onun rəhbərliyi altında altı nəfər tarix və siyasi elmlər üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Professor Həsənli uzun müddət Azərbaycanın Avropa və Amerika ölkələri ilə münasibətləri, beynəlxalq münasibətlər tarixi fənlərindən mühazirələr oxumuş, magistr kursları hazırlamışdır.

Professor Həsənli 1992-1994-cü illərdə “Avropa və Amerika ölkələrinin müasir tarixi” kafedrasının müdiri işləmişdir. 1993-cü ildə (aprel-sentyabr) Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsində çalışmışdır. 1993-cü ilin iyun qiyamından sonra prezident Əbülfəz Elçibəylə birlikdə bir müddət Kələkidə olmuş və öz xidməti vəzifəsini yerinə yetirmişdir.

C.Həsənli 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetində ixtisaslaşma kursunda, 1998-cü ildə Cənubi İllinoys Universitetində (ABŞ) yay məktəbində, 2011-ci ildə Vudro Vilson mərkəzində (Vaşinqton DC.), 2013-cü ildə Humbolt Universitetində tədqiqat proqramlarında iştirak etmişdir.

Cəmil Həsənli ötən əsrin 80-ci illərində başlanmış xalq hərəkatında fəal iştirak edib. Hələ, 70-ci illərdə tələbə olarkən Əbülfəz Elçibəyin yaratdığı dərnəklərin fəal iştirakçısı olub, Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyəti haqqında ilk obyektiv məlumatları Əbülfəz bəydən eşidib. Milli-azadlıq düşüncələri zəminində 70-ci illərdən başlamış bu münasibətlər sonralar onlar arasında dostluğa çevrildi. Ötən əsrin 80-ci illərindən etibarən öz televiziya çıxışları, mətbuat yazıları ilə Cəmil bəy xalq hərəkatının genişlənməsinə yardım etmiş, Azərbaycan Xalq Cəbhəsinin Universitet təşkilatında təmsil olunmuş, az sonra AXC məclisinin Rəyasət Heyətinin üzvü olmuşdur. 1994-cü ildən 2000-ci ilədək C. Həsənli AXCP-nin (AXC-nin) lideri Əbülfəz Elçibəyin, 2000-2005-ci illərdə isə partiyanın sədri Əli Kərimlinin humanitar məsələlər üzrə müavini olmuşdur. 2000-ci ildə o, Xalq Cəbhəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş və 2005-ci ildə “Azadlıq” blokundan deputat seçilərək bitərəf millət vəkili kimi Milli Məclisin beynəlxalq münasibətlər və elm-təhsil komissiyalarında fəaliyyət göstərmişdir. İkinci və üçüncü çağırış Milli Məclisin fəaliyyəti dövründə C. Həsənli seçici maraqlarının qorunması üzrə hər il keçirilən jurnalist sorğularının qalibi olmuşdur. Professor Həsənli 2009-cu ildə yaradılmış Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən biridir və bu forum cəmiyyətin fəallaşmasında, ictimai rəyin formalaşmasında, Azərbaycan xalqının müqavimət hissinin güclənməsi, özünü ifadə etməsində mühüm rol oynamışdır. Sözün tam mənasında Ziyalı Forumu milli ağrının ifadəsi kimi meydana çıxmışdı və o öz vəzifəsini vicdanla yerinə yetirir. 2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurası təsis edildikdə onun ilk iclasını məhz, Cəmil Həsənli aparmışdı.

İnsan haqlarının və vətəndaş hüquqlarının müdafiəsi C.Həsənlinin fəaliyyətində mühüm yer tutur. O, bir qayda olaraq haqqı pozulanların, hakimiyyətin repressiyasına məruz qalan vətəndaşların yanında olur. Rejim tərəfindən təqib edilən jurnalistlərin müdafiəsində fəal iştirak edir. Hələ, ötən əsrin 90-cı illərində siyasi mülahizələrlə həbs edilmiş insanların, seçki məhbuslarının, tanınmış jurnalist Elmar Hüseynovun, “Azadlıq” qəzetinin təqib olunan əməkdaşlarının, blogerlərin, siyasi mülahizələrlə həbs edilmiş nazirlərin, siyasi aksiyalarda iştirak etmiş partiya fəallarının, nidaçıların və digər fəal gənclərin, saxta ittihamlarla zindanlara atılmış islamçıların, son dövrlərdə İlqar Məmmədovun, Tofiq Yaqublunun, Qurban Məmmədovun, Əvəz Zeynallının, Tale Bağırovun, Hilal Məmmədovun və digərlərinin müdafiəsində fəal vətəndaş mövqeyi ortaya qoyub. Hələ Milli Məclisin üzvü olarkən hakimiyyətin bütün gücü ilə təqib etdiyi “Azadlıq” qəzetinin gənc yazarı Aqil Xəlillə bağlı onun nümayiş etdirdiyi vətəndaşlıq mövqeyi sözün tam mənasında cəmiyyət üçün bir nümunəyə çevrildi.

C.Həsənli Azərbaycan, Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Türkiyə və İranda nəşr olunmuş 27 monoqrafiyanın müəllifidir. Onun hələ 1991-ci ildə nəşr olunmuş “Ağ ləkələrin qara kölgəsi” asdlı kitabı istər 1918-1920-ci illərin, istərsə də Azərbaycan tarixinin 20-30-cu illərinin bir sıra problemlərinin öyrənilməsi baxımından yeni söz idi. İstər bu əsər, istərsə də 1993-cü ildə nəşr olunmuş “Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920” əsəri bu gün tarixşünaslığımız üçün öz elmi əhəmiyyətini saxlamışdır. Ötən əsrin axırlarından başlayaraq prof. C.Həsənli elmi və siyasi baxımdan müstəsna əhəmiyyətə malik olan Güney Azərbaycan problemləri üzərində işləməkdədir. İkinci Dünya Müharibəsi və Müharibədən sonrakı illərdə böyük güclərin Güney Azərbaycanda qarşı-qarşıya gəlməsi 50 il dünyanı səksəkədə saxlayan “Soyuq müharibə”nin məhz Güney Azərbaycandan başlanması barədə müəllifin konsepsiyası təkcə Azərbaycan elmində deyil, dünya tarixşünaslığında yeni hadisə sayıla bilər. Bu mövzu ilə bağlı C.Həsənlinin son illərdə nəşr olunmuş monoqrafiyaları tarix elminin inkişafında böyük hadisə oldu. Müəllifin Güney Azərbaycandakı hadisələri, xüsusilə “21 Azər” hərəkatını “Soyuq müharibə” fonunda təqdim etməsi ona olan beynəlxalq marağı müstəsna dərəcədə artırdı. Bu marağın nəticəsi olaraq prof. C.Həsənlinin Güney Azərbaycanla bağlı elmi monoqrafiyası 2005-ci ildə İstanbulda türkcə, 2006-cı ildə ABŞ-ın Harvard universitetinin soyuq müharibə seriyasında ingiliscə (At the Dawn of the Cold War: The Soviet-American Crisis overIranian Azerbaijan, 1941-1946. Rowmanand Littlefield Publishers, INC. Lanham -Boulder- New York-Toronto-Oxford, 2006) və Moskvada rus dilində, Tehranda fars dilində nəşr olundu. C.Həsənlinin elmimiz üçün xüsusi əhəmiyyət daşıyan üçüncü araşdırması müharibə və müharibədən sonrakı illərdə Sovet-Türkiyə münasibətləri haqqındadır. Müəllif Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ arxivlərindən topladığı yeni açıqlanan sənədlər əsasında maraqlı, iri həcmli monoqrafiya hazırlamışdır. SSRİ-nin Türkiyəyə ərazi və boğazlara nəzarət etmək tələbləri ilə Krım və Ahiska türklərinin sürgün edilməsi, 1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistandan departasiya edilməsini eyni müstəvidə təqdim etməsi, fikirlərini nadir sənədlərlə əsaslandırılması tarixşünaslığımızda yeni istiqamət sayıla bilər. Bu əsər 2005-ci ildə Bakıda çapdan çıxdıqdan sonra 2008-ci ildə Moskvada, 2011-ci ildə Ankarada, 2011-ci ildə isə “Stalin və soyuq müharibənin Türkiyə böhranı, 1945-1953” (Stalin and Turkish Crisis of the Cold War, 1945-1953. Lexington Books, Lanham, Boulder, New York, Toronto, Plymouth, UK, 2011-2013) adı ilə Harvard soyuq müharibə seriyasından ABŞ, Kanada və Böyük Britaniyada nəşr edilmişdir. Mövzuya olan böyük marağı nəzərə alaraq 2013-cü ildə “Lexington Book” nəşriyyatı bu kitabı yenidən nəşr etmişdir. Qərb ölkələrinin çox nüfuzlu jurnallarında bu kitablar haqqında rəylər dərc olunmuşdur. Professor Həsənlinin 2008-ci ildə böyük marağa səbəb olmuş “Azərbaycanda milli məsələ: siyasi hakimiyyət və ziyalılar, 1954-1959” adlı monoqrafiyası nəşr edildi. Bir il sonra bu əsər rus dilində Moskvada, 2012-ci ildə isə Təbrizdə fars dilində nəşr edildi. 2009-cu ildən başlayaraq professor Həsənli üç cildlik “Azərbaycan Respublikasının diplomatiya tarixi” kitabı üzərində işə başlamışdır. Bu kitabın 1918-1920-ci illəri əhatə edən birinci cildi, 1920-1939-cu illəri əhatə edən ikinci cildi həm Azərbaycan, həm də rus dillərində Bakıda və Moskvada artıq nəşr edilmişdir. Onun Azərbaycan tarixi ilə bağlı araşdırmaları xarici nəşriyyatların diqqətini cəlb etmiş, ABŞ-ın Nyu Yorkda yerləşən böyük “Şarp” nəşriyyatı professor Həsənlinin “Foreign Policy of the Republic of Azerbaijan, 1918-1920. The Difficult Road to Western Integration. M. E. Sharpe, Armonk, New York, 2013” kitabını oxuculara təqdim etdi. Bu il professor Həsənlinin “Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov“ kitabı çapdan çıxıb və bu kitab oxucuların böyük marağına səbəb olub. Dünya tarix elminin nailiyyəti kimi qiymətləndirilən bu əsərlər artıq ABŞ, Rusiya və Türkiyənin bir sıra nüfuzlu universitetlərində tədris proqramlarına daxil edilmişdir.

Bu iri həcmli monoqrafiyalardan əlavə C.Həsənli 100-dən artıq emi əqalənin müəllifidir. Bu məqalələr Azərbaycan, rus, ingilis, türk, alman, italyan, polyak, fars, yapon, koreya dillərində nəşr olunub. Onun 2009-cu ildə Berlində nəşr olunmuş “Qara dəniz boğazları üzərində Stalinin nəzarət cəhdləri”, həmin il Romada italyan dilində nəçr olunmuş “Soyuq müharibənin Türkiyə böhranı”, 2011-ci ildə Vyanada alman dilində nəşr olunmuş “Sovet İttifaqının Yaxın Şərqdə neft uğrunda mübarizəsi” kimi məqalələri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. C. Həsənlinin araşdırmalarının əsas hədəflərindən biri XIX –XX əsrlərdə Qarabağda cərəyan edən hadisələrdir. Bu mövzuda professor Həsənlinin yazdığı məqalələr Azərbaycan, rus və ingilis dillərində dərc edilmişdir. Bu araşdırmalarda XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı fəth etməsindən 1923-cü ildə Dağlıq Qarabağda muxtar vilayətin yaradılmasına qədər hadisələrin maraqlı mənzərəsi yaradılmışdı.

Professor Cəmil Həsənli çox nüfuzlu beynəlxalq konfranslarda Azərbaycan tarix elmini təmsil edib. Onun Ankara, İstanbul, Vaşinqton, Çikaqo, Orlando, San-fransisko, Blüminqton, Vyana, Graz, Berlin, Roma, Tehran, Sindai, Seul, Moskva, Sanki-Peterburq və digər şəhərlərdə, dünyanın tanınmış universitetlərindəki məruzələri və çıxışları böyük maraqla qarşılanmışdır. 2007 və 2012-ci illərdə Birləşmiş Ştatların Vaşinqtonda yerləşən Vudro Vilson Mərkəzi tanınmış mütəxəssislərin iştirakı ilə C. Həsənlinin Harvard Soyuq Müharibə Kitab Seriyasında nəşr olunmuş əsərlərinin təqdimatını keçirmişdir.

İstər ictimai-siyasi fəaliyyətində, istərsə də elmi araşdırmalarında professor Cəmil Həsənli millətimizin maraqlarını hər şeydən üstün tutur, müstəqillik ideyasının, demokratik dəyərlərin cəmiyyətdə bərqərar edilməsinə öz töhfəsini verir.

Dəstək olun

Dəstək olmaq üçün və əlavə məlumat əldə etmək üçün aşağıdakı düyməyə basın.

əlavə məlumat »

Xəbərlər

Seçki qabağı bütün məlumatları əldə etmək üçün və ən son açıqlamaları əldə etmək üçün düyməyə basın .

bütün xəbərlər »

>