Cəmil Həsənliyə beynəlxalq demokratiya mükafatı verildi


ABŞ-da qərargahlanan Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzi görkəmli Azərbaycan tarixçisi və Milli Şuranın rəhbəri Cəmil Həsənlini 2015 İon Ratiu Demokratiya Mükafatının qalibi elan edib.  Laureat üçün ABŞ paytaxtı Vaşinqtonda bir aylıq təqaüd nəzərdə tutulur. 

Mükafatı təltif edən Ratiu Mükafatı idarə heyətinin üzvləri sırasında tanınmış polşalı dissident və ictimai intellektual Adam Miçnik kimi şəxsiyyətlər var.

Vilson mərkəzinin vebsaytında elan edilən açıqlamada Dr. Cəmil Həsənlinin Azərbaycanda milli azadlıq və demokratiya hərəkatlarına verdiyi töhfələr vurğulanır. 

“Onun fəaliyyəti 1988-89-cu illərdə Azərbaycan Xalq Cəbhəsinin sıralarına daxil olduğu vaxtlardan başlayır. 2013-cü ildə o, müxalifətin vahid namizədi qismində prezident İlham Əliyevin seçkilərdə rəqibi oldu. Ödədiyi yüksək şəxsi bədəllərə baxmayaraq Dr. Cəmil Həsənli Milli Şuranın sədri qismində fəaliyyətini davam etdirir və o, öz mövqeyindən istifadə edərək hökumətin divan tutduğu insan haqları müdafiəçiləri, jurnalistlər və blogerlərin hüquqlarını müdafiə edir,” deyə açıqlamada bildirilir.

2005-ci ildə təsis edilmiş İon Ratiu Demokratiya Mükafatı (IRDA) dünya boyu demokratiya uğrunda çarpışan şəxsiyyətlərin ideyalarını, ideallarını və nailiyyətlərini tanıyır.  Bu mükafat Rumıniya siyasətçisi mərhum İon Ratiunun dünyaya demokratik dəyişiklik gətirilməsi naminə göstərdiyi fəaliyyəti tərənnüm edir.

Laureat Ratiu Ailə Fondunun üzvləri və əvvəlki laureatlardan ibarət Tövsiyə Qrupu tərəfindən müəyyən edilir.

Əvvəlki laureatlar sırasında Mustafa Nayim (Ukrayna, 2014), Angela Kocze (Macarıstan, 2013) Aun San Suu Çi (Myanmar, 2012), Nabil Rəcəb (Bəhreyn, 2011), Oleq Kozlovski (Rusiya, 2010) var.

Birinci Dünya Müharibəsində ABŞ-ı qələbəyə aparmış Prezident Vudro Vilsonun adını daşıyan Beynəlxalq Alimlər Mərkəzi 1968-ci ildə Konqres tərəfindən təsis olunub və Vaşinqtonda qərargahlanır.

Dəstək olun

Dəstək olmaq üçün və əlavə məlumat əldə etmək üçün aşağıdakı düyməyə basın.

əlavə məlumat »

Xəbərlər

Seçki qabağı bütün məlumatları əldə etmək üçün və ən son açıqlamaları əldə etmək üçün düyməyə basın .

bütün xəbərlər »

>